Hz. Mehdinin Gəlişinə və İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Bəzi Ayələr


 (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne'mət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver! (Səff Surəsi, 13)

 Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, dünyaya və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya Surəsi, 105)

 Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını dünyada kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)

 And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:  "Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!" (Saffat Surəsi, 171-173)

Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)

 (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur'an) və haqq dinlə göndərən Odur! (Səff Surəsi, 9)

 Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər! (Fəth Surəsi, 28)

 Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə Surəsi, 33)

 Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!"  (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. (İbrahim Surəsi, 14-15)

 (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zamanRəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, "Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr Surəsi, 1-3)

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir! (Fəth Surəsi, 1-3)

 And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö'yasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək lazımdır!) (Fəth Surəsi, 27)

 Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər! (Rəd Surəsi, 42)

 Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! (Şuəra Surəsi, 227)

 Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir. (Yunus Surəsi, 103)

De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!" (İsra Surəsi, 81)

 Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız. (Yunus Surəsi, 14)

Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq. (Əraf Surəsi, 137)

Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. (Tövbə Surəsi, 32)

 Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. (Səff Surəsi, 8)

 (Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab Surəsi, 27)

 (Ya Rəsulum!) De: "Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!" (Taha Surəsi, 135)

 Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər. (Zumər Surəsi, 61)

 Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya Surəsi, 18)

 Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!" (Yunus Surəsi, 82)

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö'minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir). (Həcc Surəsi, 41)

 Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz  çox yüksəkdə durursunuz! (Al-İmran Surəsi, 139)

0 коммент.:

Отправить комментарий