Müsəlmanların Tövrat və İncilə Münasibətləriylə Əlaqədar Vacib izahlar

 Allah Quranda Müsəlmanların Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s.) və ondan əvvəl göndərilmiş bütün peyğəmbərlərə və bu peyğəmbərlərə verilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz Müsəlmanlar üçün;

 “O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar”
buyurur.

Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və Hz. İbrahimin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də dəyişdirilmişdir. Lakin buna baxmayaraq içlərində, haqq dinə aid bir çox doğru izah da vardır. Müsəlmanlar, bu kitabları Qurana və sünnəyə görə qiymətləndirib, ayələrə və hədislərə uyğun olan izahların doğru olduğuna hüsnü zənn edirlər. Bu səbəbdən, Qurana, sünnəyə uyğun Tövrat və İncil izahları Müsəlmanların istifadə  edə biləcəkləri izahlardır. Ancaq bunların təməli Quran ayələrinə və hədislərə uyğun olmalıdır.

Allah bu kitabların, göndərdikləri dövrdə insanlar üçün yol göstərici olduqlarını bildirmişdir. Ayələrdə belə buyurulur:


Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! ( Əl-İmran Surəsi, 3-4)


Bir başqa ayədə Tövrat üçün belə bildirilir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə Surəsi: 44)

Oxumaqda olduğunuz bu kitabda da, Tövrat və İncildə yer alan axır zaman əlamətləri araşdırılarkən bəhs olunan pozulmuş, dəyişdirilmiş qisimlər ələ alınmamış, yalnız Qurana və Peyğəmbərimizin  (s.ə.s.) hədislərinə uyğun izahlar istifadə edilmişdir.

0 коммент.:

Отправить комментарий